“Onun ölümünü 40 gün məndən gizlətdilər...” – Şəhid əsgərin ürək dağlayan HEKAYƏTİ
24 noyabr 2020 20:15 (UTC +04:00)

“Onun ölümünü 40 gün məndən gizlətdilər...” – Şəhid əsgərin ürək dağlayan HEKAYƏTİ

 

 

Lent.az -ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.

 

Layihəmizin növbəti yazısı şəhid əsgərimiz Elvin Namazova həsr olunub.

 

 

Namazov Elvin Nazim oğlu. 1996-cı il oktyabrın 11-də Şəmkirdə anadan olub. 2004-cü ildə Şəmkir rayonunda yerləşən Məhəmməd Füzuli adına tam orta məktəbin birinci sinfinə gedib. Orta məktəblə yanaşı, idman məktəbində oxuyub, əlbəyaxa döyüş növü ilə məşğul olub, rəqs təhsili alıb. 2014-cü ilin sentyabr ayında orta məktəbi başa vurub, hərbi xidmətə yola düşüb. 2017-ci il aprel ayının 11-də xidməti borcunu yerinə yetirən zaman şəhid olub. Şəmkir rayon məzarlığında dəfn edilib.

 

Qurban olmaz...

 

Müharibənin kəskinləşdiyi dövr idi. Sosial şəbəkələrdə gəzişərkən qulağıma tutqun, xırıltılı, gəncliyini itirmiş bir qadın səsi dəydi: “Xumar gözlərinə anan qurban, ay Elvinim”.

 

Dəhşətli, tükürpədici bir dəqiqəlik videoda saçları bozarmış, pərişan halda üz-gözünə səpələnmiş, ortayaşlı qadını kimsə zorla mərmər başdaşından qoparıb aparmağa çalışır. Qadın isə getmək bilmir, bədəni getsə, boynunun ardından çevrilib baxır, əllərini məzara tərəf uzadırdı...

 

“Xumar gözlərinə anan qurban, Elvinim...”

 

Səs və şəhid anasının görüntüsü bir neçə gün məni təqib etdi. Bu günə qədər xeyli şəhid ailəsi ilə görüşsəm də, şəhid anaları ilə birgə ağlasam da, bu gənc ananın səsi, görüntüsü, onun oğlunun məzarı üstünə düzdüyü qırmızı bantlı bəylik xonçaları xəyalımdan çıxmadı, gözlərimin qarşısından getmədi.

 

2017-ci ilin da hərbi xidməti yerinə yetirərkən şəhid olan Elvin Namazov çox gənc yaşda şəhid olmuşdu. Şəhidlik məqamına ucalanda onun 20 yaşı yenicə tamam olub.

 

Elvinin ailəsini tapmaq, anası, bacısı və qardaşı ilə həmsöhbət olmaq o qədər də çətin olmadı. Çətin olan ailəsinin “Elvin” deyib ağlamasını, ah çəkməsini görmək, eşitmək və onları qələmə almaq oldu.

 

Elvinin anası toxtaq görünsə də, danışmaqda çətinlik çəkir, amma özünü ələ alır, oğlu haqqında ən yaxşı sözləri, xatirələri danışmağa çalışır:

 

- Elvin orta məktəbi bitirəndə qardaşı hərbi xidmətdə idi. Mənim də səhhətimdə narahatlıqlar vardı. Dedim, Elvin, hələ getmə, qoy, qardaşın gəlsin, sonra gedərsən. Dedi ki, yox, ay mama, mən gedim, xidməti başa vurub gəlim, çoxlu arzularım var. Onların yerinə yetməsi ilə məşğul olacam. Əlbəyaxa döyüş növü ilə məşğul idi. Həmişə idman yarışlarına gedirdi. Elvin çox yaxşı uşaq idi. Böyüklə böyük, kiçiklə kiçik idi. O, mənimlə nəfəs alırdı. Deyirdi, mamam məndən ötrü hər şeydi. Çox canlara dəyən, dostdan ötrü canından keçməyi bacaran oğul idi. Üç uşağımız var bizim. İki oğlan, bir qız. Onlar da övladımdı, onları da çox istəyirəm, amma Elvin başqa idi. Elvin mənim aldığım nəfəs idi. Elvinlə ana-baladan da o tərəfə idik. Elə bilirdim, Elvin mənim özümdü. İndi də onun qəbrinin üstünə gedə bilmirəm, elə bilirəm o, hələ də hardasa yaşayır, qayıdıb gələcək. Gedib onu orda, qara mərmərin, nəm torpağın altında görmək istəmirəm.

 

Bacı

 

Sözlərinin ardını gətirə bilmir Ruhəngiz xanım, ağlamamaq üçün özünü saxlayır, baxışlarını yayındırıb Elvinin şəkillərinə tuşlanır. Şəhidin bacısı qardaşını xatırlayır:

 

- Qardaşım sağ olanda da onunla həmişə fəxr etmişəm, indi də. O qədər hörmətli, qohumcanlı, dostcanlı oğlan idi ki. İki qardaşım var, Elvin evimizin balacası idi. Onun yeri mənim üçün tamam başqa olub. Onunla biz çox yaxın idik, hər dərdini, sirrini mənə deyirdi. Bir qızdan xoşu gələndə birinci gəlib mənimlə bölüşərdi. Sevdiyi qıza hədiyyə alanda mənimlə məsləhətləşərdi. Mən də zarafatla deyərdim ki, Elvin, birdən ona alarsan, mənə yox, küsərəm səndən. Mən bunu zarafatla deyirdim. Amma onun qadasını alım, mənim zarafatımı ciddi qəbul edirdi. Hər dəfə sevdiyi qıza nə isə alanda, mütləq mənə də alırdı. O qızı çox sevirdi. Əsgərliyə getməzdən əvvəl həmişə mənə deyirdi ki, bacı, gedək o qızı mənə alaq, nişan qoyum sonra gedim. Çox istəkləri, arzuları vardı.

 

Sevgili

 

Ruhəngiz xanım da əlavə edir ki, Elvin də həm xarakter, həm də davranış baxımından tamam fərqli, özünəməxsus oğlan olub. Xüsusilə anasına olan güclü bağlılığı bu günə qədər də ananın yadından çıxmır, əksinə hər dəfə yadına düşəndə, xatirələr onu bir az da yaralayır. Ananı ən çox təsirləndirən isə Elvinin hərbi xidmətini başa vurmağına iki gün qalmış şəhid olmasıdır:

 

- İstədiyi qız vardı. Həmişə mənə deyirdi ki, mama, gedim xidmətimi başa vurum gəlim, səni qayınana edəcəm, sənə gəlin gətirəcəm. Çox sevirdi o qızı. Həmişə deyirdi ki, mama, o qızı mənə alarsan? Deyirdim, bala, get, gəl, alacam, təki sənin ürəyincə olan qız olsun. Məktəbi bitirəndən sora universitetə daxil ola, əsgərliyə getməyə bilərdi. Amma özü razılaşmadı. Dedi, yox, gedim vətənə borcumu verim, sonra gəlib, universitetə girərəm. Həmişə də ordan zəng vuranda deyirdi, mama, bura çox yaxşıdır, heç istəmirəm gəlim. Hərdən növbədə olanda zəngləşdirdik, deyirdi, burda qar yağır, mən də naryaddayam, vətənin keşiyini çəkirəm. Belə qarlı, soyuq havada siz rahat yatasınız, dincələsiniz deyə burda dayandığım üçün şərəf duyuram.

 

Hərdən xəstələnib ağrıyanda başımın üstündə durub deyirdi ki, anama heç nə olmasın, ona nəsə olacaqsa, mən həyatımı onun yolunda verməyə hazıram. Ailəyə, ata-anaya, bacı qardaşa çox hörmət, dəyər verən oğul idi. Elvin mənim hər şeyim idi, o, mənim hər şeyimi apardı. Ondan sonra o biri oğlum xəstələndi, pis hallara düşdü.

 

Elvin üçün evin bir küncündə ayrılmış guşəyə baxıram. Hər tərəfdə onun əşyaları, fotolardan baxan gülümsər çöhrəsi Elvinin həyat eşqindən, yaşamaq yanğısından xəbər verir. Məzuniyyətdə evlərinə dələndə ata və anası ilə, qardaşı ilə çəkdirdiyi şəkillər diqqətimi cəlb edir. O zaman xoşbəxt olan bu ailənin xoşbəxtlik çırağı Elvinin gedişi ilə sönür. Şəhidimizin atası özünü yaxşı hiss etmədiyi üçün bizimlə söhbətə qoşula bilmir, ancaq qardaşı Adil özünü toparlayıb, onu haqqında fikirlərini dilə gətirir:

 

- Elvinlə həm qardaş, həm də dost olmuşuq. Onunla otağımız eyni idi. Bu günə qədər də həmin otağa girə bilmirəm. Nə zaman ora daxil oluramsa, onunla olan günlərimizi xatırlayıram. Elvinsiz indi çox çətindir. Mən həm qardaşımı, həm otaq yoldaşımı, həm də dostumu itirmişəm. Elvin mənim sağalmaz yaramdı.

 

- Siz səhv etmirəmsə, bir sinifdə oxumusunuz?

 

- Bəli, biz eyni vaxtda məzun olmuşuq. O əsgərə gedəndə mən də hərbi xidmətdəydim, ona görə də Elvini görə bilmədim. O getdi, mən gəldim. Hərbi xidmətdə olanda bir dəfə onun yanına getdim. Məəttəl qaldım. İnanırsınız, orda olan hər kəs Elvindən razılıq edirdim. Bu qədər qısa vaxt ərzində komandirlərinin də, xidmətdə birgə qulluq etdiyi uşaqların da hörmətini qazanmışdım. Onunla fəxr etdim. Ordan qayıdandan sonra o qədər xoşbəxt idim ki. Amma sonra ardınca belə ağır xəbər, onun itkisi mənə çox pis təsir etdi. Bu günə qədər özümə gələ bilmirəm. Bundan sonra da Elvinsiz yaşamaq mənim üçün çətin olacaq.

 

Yuxu

 

Hiss edirəm ki, Adilin danışması Ruhəngiz xanımı da həyəcanlandırır. Özü nə qədər əzab çəksə də, nə qızının, nə də oğlunun həyəcanlanmasını, ağlamasını istəmir. Ana qəlbi yerdə qalan övladlarının əziyyət çəkməsinə razı olmur. O, Elvin haqqında danışmaq yükünü yenidən öz boynuna götürür:    

 

- 2016-cı ildə bacısının toyu oldu. Hər iki oğlum xidmətdə idi. Adilə məzuniyyət ala bildim, amma Elvinə icazə vermədilər. Aprelin 7-də bacısı ana oldu, 8-də sonuncu dəfə evə zəng vurub, onda da mən qızımın yanında olmuşam. Elvin atası ilə danışıb. Deyib ki, ay ata, iki günüm qalıb, iki günə məni buraxacaqlar. Ayın 11-də Elvin evdə olmalı idi. Ancaq elə həmin gün də onun xəbəri gəldi. Ondan əvvəl mart ayında, Novruz bayramında Elvinlə danışmışdım, məndən paltarlarını istədi, dedi, mama, mənə paltar göndər, bir də şirniyyat. Çıxanda Bakıya gəlib bacımla görüşəcəm, həm də dostlarıma şirinlik paylayacam. Elvinin dediklərinin hamısını göndərdim, ancaq heç biri özünə qismət olmadı. 2017-ci il aprelin 11-də şəhid oldu. Xəbəri atasına demişdilər. Amma ona da deməyiblər şəhid olub. Heç kim ürək etməyib. Çünki mən hazırlıq görürdüm ki, balam əsgərlikdən geri qayıdır. Mən onu yola salanda da heç nə etməmişdim. Demişdim, get, sağ-salamat gəl, sənə qurban kəsəcəm. Yoldaşıma zəng vurub deyiblər ki, oğlunuz yaralanıb. Yoldaşım gedib, ordan da onu Gəncəyə göndəriblər. Yoldaşım yola çıxıb, ardınca da Elvinin nəşi olan maşın. Yoldaşımın heç nədən xəbəri olmayıb. Amma sonralar mənə dedi ki, ora çatanda ürəyimə damdı ki, nəsə olub.

 

Baş verənlərdən xəbərsiz olan Ruhəngiz xanım oğlunun şəhid olma xəbərini bilmədən Bakıda qızının, yenicə doğulmuş nəvəsinin qayğısına qalır. Qəfil gələn zəng onu diksindirir, vaxtından iki gün əvvəl Şəmkirə, evinə qayıtmağa məcbur edir. Evinə çatanda isə gördüyü mənzərə onun bütün dünyasını alt-üst edir:

 

- Yoldaşım mənə zəng vurdu dedi, taksiyə otur, gəl evə, səhər avtobusla gəlsən, narahat olacaqsan. Hiss etdim, ürəyimə damdı ki, Elvinə nəsə olub. Çünki Elvin səhər saat 6-da şəhid olmuşdu. Həmin anda mən yuxudan bircə dəfə Elvin deyib qışqırıb, gözlərimi açmışdım. Həmin məqamda da Elvin şəhid olub. Ona görə də bilirdim ki, yoldaşım məni aldadır. Yoldaşım Elvini evə gətirməyə qoymamışdı, demişdi, qoyun, anası gəlsin, sonra Elvini gətirin. Yolboyu allaha yalvarırdım ki, gedib evimizin yanında mağar görməyim. Qorxduğum şeylərin hamısı başıma gəldi. Mən gələndən sonra onu gətirdilər. Qurbanı bağlı qaldı balamın (ağlayır).

 

Mən onun şəhid olduğu yerə özüm də getmişəm. Anayam, dözə bilmədim. Elvinin yeddi mərasimi çıxandan sonra özüm Elvinin hərbi komandanlığından xahiş elədim ki, mənə balamın şəhid olduğu yerə getməyə icazə versinlər. Ordan qayıdandan sonra gəldim evə. Bir gün yatmışdım. Yatdığım otaqda kondisioner vardı, amma işləmirdi. Onun altında yatmışdım. Hiss etdim ki, üstümə su damcısı düşdü. Yuxuda da gördüm Elvin başımın üstündə dayanıb, qollarımı ovxalayır. Ayılanda gördüm qolum yaşdı. Bu günə qədər də həmin yuxu, qolumun islanması mənə sirr kimi qaldı. Elvini bir də Şuşa alınan gün yuxuda gördüm. Gecə o mənə deyirdi ki, mama, mən ölməmişəm, yaşayıram, Şuşanı aldıq. Yuxudan ayıldım, gördüm küçələrdə qışqırıq, siqnal səsləri gəlir, camaat Qarabağ, qələbə sözlərini işlədir. Dedilər, Şuşa alınıb.  

 

Xəbərsizlik...

 

Aytən xanım Elvinlə bağlı ən xoş günlərini yadına salır, onun qız sevməsindən, rəqs etməsindən, pozitivliyindən bəhs edir. O, danışdıqca mən şəkillərdən baxan ağbəniz, yaraşıqlı oğlanın nə qədər həyat eşqi ilə dolu olduğunu, danışılanlar qədər gözəlliklərə malik olduğunu hiss edirəm:

 

- Onunla axırıncı dəfə görüşə bilmədim. Hələ də bunun əziyyətini çəkirəm, pis oluram ki, mən qardaşımı son dəfə evimizə gələndə gəlib görə, onu son mənzilə yola salanda da mən gəlib onu doyunca qucaqlaşa, onunla vidalaşa bilmədim. Mən ayın 7-də ana oldum, xəstəxanada yatırdım, ayın 11-də Elvin şəhid oldu. Qardaşımın şəhid olmasını mənə demədilər, 40 mərasiminə qədər heç nədən xəbərim olmayıb. Heç nədən... Məndən gizlətmişdilər. Amma mən sizə deyim ki, Elvinlə biz bir-birimizə o qədər bağlıydıq ki, onun ölümünü yuxuda görmüşdüm. Mənə əyan olmuşdu. Camaatın bizim həyətə yığışmasını, onun tabutunu çiyinlərinə alıb aparılmasın, hamısını yuxuda görmüşdüm. Onda evimizə zəng vururdum, mamam gah mənimlə danışır, gah danışmırdı. Hiss edirdim ki, mama ağlayıb, səsi tutulub. Soruşurdum, deyirdi ki, qonşumuzda hüzr var ora getmişdim. Mən qırx gün boyunca aldatdılar. Həmişə təəccüblənirdim ki, Elvin heç mənimlə danışmır, zəng vurmur. Mən sonralar bildim ki, qardaşımın dəfn mərasimində, ağlaşmada anam ağı deyib ağlayıb ki, ay Elvin, bacın səndən narahatdı, get, heç olmasa, onun yuxusuna gir. Onda gəlib mənim yuxuma girmişdi. Mən Elvinin qabağına qaçıb, ayaqlarına düşmüşdüm, yuxuda ki, haralardasan, ay qardaş, niyə gəlmirdin? Onda yuxuda Elvin məni qaldırıb, qucaqlayıb, öpüb sonra da sakitcə çıxıb getmişdi.  

 

Ailəmizin məndən Elvinlə bağlı nə isə gizlətdiyini hiss etmişdim. Bir dəfə internetdə Elvinin adını axtarışa verib yoxlayanda, gördüm onu şəkillərini, videosunu paylaşıb, altından da Allah rəhmət eləsin sözləri yazılıb. Onda elə bil dünya başıma yıxıldı.

 

Səbir...

 

Elvinin şəhid olma xəbəri ailəni qəfil fırtına, çovğun kimi yaxalayır. Hər kəs Elvinin dərdini ayrı cür, ayrı formada çəkir. Ailə üzvləri 20 yaşlı gəncin ölümünü qəbul edib barışa bilmirlər. Elvin şəhid olandan sonra onun anası, atası, qardaşı ciddi əsəb sarsıntısı keçirirlər. Onların içində bu hadisəni ən pis yaşayanlardan biri isə Elvinlə demək olar ki, əkiz kimi olan qardaşı Adil olur. O, Elvinin faciəsi ilə bağlı hər şeyin şahidi olduğu, yaşadığı üçün böyük sarsıntı keçirir, gənc qəlbi baş verənlərə tab gətirmir. Bu səbəbdən də o, uzun müddət həkim nəzarətində olur, güclü müalicələr alandan sonra yaşamağa davam edir. O günləri bacısı xatırlayır:

 

- Qardaşım avar rəqsini oynamağı çox gözəl bacarırdı. Dostları ilə yaxın adamların toyunda bu rəqsi oynayırdı. Saçlarını da o cür rəqsləri ifa edən rəqqaslar kimi düzəldirdi. Saçlarını həmişə istəyirdi ki, mən düzəldim. Onunla bağlı ən gözəl xatirələrim həmin günlərlə bağlıdı. Səhər yatılı olsam belə, məni yuxudan oyadıb, ay bacı, mənim saçımı düzəlt deyirdi. Biz ikimiz də o biri qardaşımızdan fərqli olaraq geyim-keçim həvəskarı idik. Ona görə də təzə paltar almağa çox vaxt birgə gedirdik, ya da paltarları alıb gətirəndən sonra birgə dəstləşdirib, uyğunlaşdırırdıq. Yaxşı zövqü vardı, özü də çox səliqəli idi.  Sevdiyi qız xəbəri gecə eşidib, ona telefonla deyiblər bu xəbəri. Rəfiqələri mənə sonradan dedilər ki, bu xəbər ona çox pis təsir edib. O, anasıgillə birgə bizə gəlmək istəyib, amma arada heç bir münasibət olmadığı üçün onlar gələ bilməyiblər. Qızın özü, bildiyimə görə, Elvin dəfn olunan günü evimizin yaxınlığına qədər gəlib, amma evə girməyə ürək etməyib, elə olanları kənardan izləyib. Yəqin ki, sonralar o, Elvinin qəbri üstünə də gedib...

 

Onun ölümü ilə bağlı heç nə görmədiyim üçün bu günə qədər də ölümü ona yaraşdıra bilmirəm. Elə bilirəm, harasa uzaq bir şəhərə gedib. Nə vaxt ki, onun qəbri üstünə gedirəm, məzar daşını görürəm, onda inanıram ki, Elvin yoxdu, amma elə ki ordan qayıdıram, yenə də inamsızlıq başlanır... Deyirəm ki, Elvin yaşayır, ola bilməz ki, o, həyatda olmasın. Kaş, Elvinin ömrü belə qısa olmazdı, tanrı onu bizdən bu tezliklə almazdı. Amma nə etmək olar. Elvin kimi şəhidlərimiz, cavan yaşda dünyadan vətən uğrunda canından keçən oğullarımız çoxdur. Allah hamıya səbir versin...

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 52636
avatar

Samirə Əşrəf

Oxşar yazılar